Finss.az - Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) istehsalçı qiymət indekslərinin hesablanma metodunda aşkar edilən problemlərə görə onların dərcini müvəqqəti dayandırıb.
Qurumun açıqlamasına görə, problem 2008-ci ildən bəri olan məlumatlara təsir etsə də, ən ciddi təsir 2022 və 2023-cü illərdə qeydə alınan indekslərdə müşahidə olunub. Məsələ istehsalçı qiymət indeksləri (PPI) və xidmət istehsalçı qiymət indekslərini (SPPI) əhatə edir, lakin istehlak qiymətləri ilə bağlı məlumatlara təsir göstərmir.
ONS problemi həll edənə qədər PPI və SPPI indekslərinin yayımını dayandıracağını və bu məlumatların dərcinin yay aylarında bərpa olunacağını bildirib. Qeyd edək ki, PPI və SPPI indekslərinin növbəti hesabatı 26 mart tarixində dərc edilməli idi.
Mütəxəssislərin fikrincə, istehsalçı qiymətləri ilə bağlı məlumatların yenidən nəzərdən keçirilməsi ölkənin ÜDM-nin hesablanmasına təsir edə bilər. Xüsusilə xidmət sektoru, istehsalat və tikinti sahələrində 2022 və 2023-cü illərə aid göstəricilərin qiymətləndirilməsi dəyişə bilər. Bununla belə, ONS ilkin qiymətləndirmələrinə əsasən, ÜDM trendində ciddi dəyişikliklərin baş verməyəcəyini açıqlayıb.
Qeyd edək ki, keçən həftə ONS xarici ticarət dinamikası ilə bağlı yanvar statistik məlumatlarının dərcini iki həftəlik təxirə salmışdı, çünki məlumatlarda səhvlər aşkarlanmışdı.