Finss.az - Rusiya-Ukrayna münaqişəsi təkcə Rusiyanın deyil, Mərkəzi Asiya respublikalarının da yeni tranzit yollara ehtiyacını artırıb. Trans-Əfqanıstan dəmir yolunun çəkilişi davam edir və Türkmənistan artıq Torqund-Herat hissəsinə sərmayə yatırmağa başlayıb. 2024-cü ilin sentyabrında “Türkmənistan Dəmir Yolları” dövlət şirkətinin nümayəndəsinin iştirakı ilə yolun təməlqoyma mərasimi keçirilib.
“Asia Plus” saytı bu barədə xəbər verir ki, həmin mövzu Qazaxıstandakı “Karvan Yolları” Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Nərgiz Umarovanın “Əfqanıstanda nəqliyyatın inkişafı Mərkəzi Asiyaya nə verəcək?” adlı analitik məqaləsində də yer alıb.
Məqalədə bildirilir ki, Türkmənistan Trans-Əfqanıstan dəmir yolunun Aşqabada, oradan isə Xəzər dənizi sahilindəki Türkmənbaşı limanına qədər uzanmasında maraqlıdır. Bu liman Bakı Beynəlxalq Ticarət Limanı ilə birbaşa əlaqəyə malikdir. Beləliklə, Heratdan başlayan dəmir yolu Türkmənistan, Azərbaycan (Trans-Xəzər marşrutu) vasitəsilə Gürcüstana, Türkiyəyə və Avropaya uzanacaq. Tarixən bu marşrut üzrə ticarət əlaqələri mövcud olub və Lazurit dəhlizi (Lapis-Lazuli) adlanıb. Azərbaycan və Türkiyə bu dəhlizin inkişafına dəstək verir.
Bundan əlavə, Torqund-Herat dəmir yolunun çəkilişində Rusiya da maraqlıdır. Moskva bu marşrut vasitəsilə Asiya bazarlarına çıxış əldə etməyə çalışır.
Məqalədə Azərbaycanın əlverişli coğrafi mövqeyi vurğulanır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizindəki rolu qeyd olunur. Rusiyadan Hindistana və digər Cənub-Şərqi Asiya ölkələrinə daşınan yüklər Azərbaycan ərazisindən keçərək İranın Çabahar limanına, oradan isə Hindistana çatdırılır.
Mütəxəssislərin proqnozlarına görə, 2030-cu ildə Trans-Əfqanıstan dəmir yolunun böyük hissəsi istismara veriləcək, bu isə Lazurit dəhlizinin inkişafına təkan verəcək. Yeni dəmir yolu təkcə Əfqanıstanın deyil, bütün Avrasiya regionunun nəqliyyat və iqtisadi inkişafına əsaslı dəstək olacaq.
Zemfira Ms
Finss.az