Fins.az - Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Kristin Laqard Avrozonadakı inflyasiya ilə bağlı vəziyyəti şərh edərkən, “qışın ən qara günləri arxada qaldı” deyib.
Laqardın sözlərinə görə, ECB-nin əsas ssenarisi faiz dərəcələrinin daha da aşağı salınmasını tələb edir.
“Əgər daxil olan statistik məlumatlar proqnozlarımızı təsdiqləməyə davam edərsə, gələcək istiqamət aydındır və biz faiz dərəcələrinin daha da azaldılmasını gözləyəcəyik”, - Laqard Vilnüsdəki tədbirdə çıxış edərkən qeyd edib.
Ötən həftə ECB, analitiklərin proqnozlaşdırdıqları kimi, hər üç əsas faiz dərəcəsini 25 baza bəndi azaldıb. Eyni zamanda, mərkəzi bankın rəhbərliyinin "bu məqsədə çatmaq üçün lazım olan müddət ərzində faiz dərəcələrini kifayət qədər məhdudlaşdırıcı səviyyədə saxlayacağıq" ifadəsi mətbuata verilən açıqlamada yer almayıb. Laqard inflyasiyanın ECB-nin 2%-lik orta müddətli hədəf səviyyəsinə doğru irəlilədiyinə əminliyini ifadə edib.