DÜNYA

22 Noyabr

İqlim fəlakətinin qarşısını almaq üçün maliyyə artımı şərtdir -Antonio Quterreş COP29-a çağırış

Rioda keçirilən G20 Sammitindən təzəcə qayıdan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş COP29 çərçivəsində keçirilən media brifinqində çıxış edib.

Trend xəbər verir ki, A. Quterreş G20 liderlərinə və danışıqlar aparan şəxslərə çağırış edərək, COP29-da yeni iddialı iqlim maliyyəsi məqsədinin təmin edilməsi üçün göstəriş verməyə səsləyib.

"Bu məsələdə nümayəndə heyətləri və COP29 sədrliyi ortaq məxrəc tapmaq üçün çox çalışırlar. Lakin, açılış nitqimdə də qeyd etdiyim kimi, zaman sürətlə irəliləyir. Razılaşmanın əldə edilməsi üçün səbrsizlənirəm. Bizə lazım olan şey Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair konkret bir sazişdir. Bu saziş, müxtəlif komponentlər vasitəsilə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyəni səfərbər etməlidir", - deyə Baş katib bildirib.

A. Quterreş vurğulayıb ki, maliyyə artımı bütün ölkələr üçün həyati əhəmiyyət daşıyır:

"Hər bir hökumətə emissiyaların azaldılmasını sürətləndirərək təmiz, ucuz, bərpa olunan enerji mənbələrindən və ədalətli enerji keçidindən faydalanmaq imkanı verilməlidir. Bütün ölkələr iqlim fəlakətindən qorunmaq və xalqlar arasında inam yaratmaq üçün maliyyə artımını təmin etməlidir", - deyə o əlavə edib.

Baş katib bu məqsədlərə nail olmaq üçün COP29-un əhəmiyyətini xüsusi olaraq qeyd edib və hər kəsi konstruktiv əməkdaşlığa çağırıb.