DÜNYA

29 Oktyabr

ABŞ Çinin texnologiya sektoruna investisiyalara məhdudiyyətlər qoyur

ABŞ, 2 yanvar 2025-ci ildən etibarən, Çinin texnologiya sahəsinə olan amerikalı investisiyalara bir sıra ciddi məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.

Fins.az xəbər verir ki, bu qərar, bəzi texnologiyaların Çin və digər ölkələrin hərbi sahələrində istifadə edilə biləcəyi və ABŞ-ın milli təhlükəsizlik maraqlarına ziyan vurma potensialına malik olması ilə bağlı narahatlıqlardan irəli gəlir.

Məhdudiyyətlər, yarımkeçirici və mikroelektronika, kvant texnologiyaları və süni intellekt sahələrini əhatə edəcək. ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, bu tədbirlər, ölkənin milli təhlükəsizliyini gücləndirmək məqsədini güdür.

2023-cü ilin avqust ayında ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmış fərman, amerikalı vətəndaşlar və şirkətlər üçün yarımkeçirici və mikroelektronika, kvant texnologiyaları və süni intellekt sahəsindəki kapital qoyuluşlarını qadağan edir. Həmçinin, bu sahədə əməliyyatlar barədə Maliyyə Nazirliyinə məlumat vermək tələbi irəli sürülür. Qadağanın pozulması halında isə, inzibati və cinayət məsuliyyəti, eləcə də kapital qoyuluşunun məbləğini ikiqat aşan cərimə tətbiq olunması mümkündür.

Ağ Evdən verilən açıqlamada, “administrasiya, Çin Xalq Respublikasının silahlı qüvvələrinin müasirləşməsi üçün mühüm olan əsas texnologiyaların inkişafını əngəlləməklə Amerikanın təhlükəsizliyini təmin etməyə çalışır” deyilib. ABŞ-ın bənzər tədbirləri digər ölkələr, xüsusilə də Avropa İttifaqı və Böyük Britaniya tərəfindən də qəbul ediləcəyini gözlədiyi bildirilib.