DÜNYA

23 Oktyabr

ABŞ Rusiyaya qarşı “yeni sərt” sanksiyalar tətbiq edəcək

ABŞ maliyyə naziri Janet Yellen Bloomberg-ə verdiyi açıqlamada, Bayden administrasiyasının Rusiyanın ikiqat təyinatlı məhsullara çıxışını məhdudlaşdırmaq üçün yeni sanksiyalar hazırladığını bildirib.

“ABŞ, Kremlin maraqlarına xidmət edən, o cümlədən üçüncü ölkələrdən Rusiyanı hərbi qüvvələrinə lazım olan əsas komponentlərlə təchiz edən vasitəçilərə qarşı yeni sərt sanksiyalar tətbiq edəcək,” — deyə Yellen Vaşinqtonda bəyan edib.

Fins.az xəbər verir ki, O, sanksiyaların gələn həftə elan ediləcəyini vurğulayıb.

Belə ikiqat təyinatlı malların birbaşa Rusiyaya ixracı qadağandır, buna görə də ölkə onları üçüncü ölkələrdən almağa başlayıb. Qərb bəzi təchizat yollarını kəsə bilsə də, Rusiya yeni yollar, o cümlədən Hindistan, Malayziya və Tayland vasitəsilə təchizat marşrutlarını tapıb.

Üçüncü ölkələrdəki vasitəçilərə qarşı sanksiyalardan əlavə, ABŞ-ın Rusiyanın enerji sektoru və banklarına yönəlmiş əlavə tədbirlər görəcəyi gözlənilir. Məlumatlı mənbələrə görə, Ukrayna tərəfdaşlarını Rusiyanın sanksiyaları aşma yollarını məhdudlaşdırmaq və neftdən gələn gəlirləri azaltmaq üçün səyləri artırmağa çağırıb.