Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 23 oktyabr 2024 tarixində 16-cı BRİCS Liderlər Zirvəsində iştirak edəcək.
Fins.az xəbər verir ki, O, Tatarıstanın paytaxtı Kazanda keçiriləcək zirvə çərçivəsində iştirakçı ölkələrin liderləri ilə də görüşlər keçirəcək. 22-24 oktyabr tarixlərində keçiriləcək BRİCS Liderlər Zirvəsində birliyin genişlənməsi ilə yanaşı maliyyə, texnologiya və qida ticarəti kimi mövzular gündəm maddələri arasında olacaq.
Türkiyənin də marağının getdikcə artdığı bu təşkilat 2010-cu ildə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın qurucu ölkə statusu daşıdığı təşkilat illər ərzində genişləyib. Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də bu qurumun üzvləri arasında yer alır. Üzv sayı 10-a çatan BRİCS ölkələrinin əhalisi təxminən 3,5 milyarddır. Bu isə dünya əhalisinin təxminən 45%-inə bərabərdir. Bu dövlətlər dünya iqtisadiyyatının təxminən 25%-ni təşkil edir, eyni zamanda dünyadakı xam neftin 44%-ni istehsal edir.
Bu xüsusiyyətləri ilə BRİCS Qərb ölkələrinin yaratdığı G7-nin geosiyasi rəqibi hesab edilir və çoxqütblü siyasi sistemə keçid dövründə inkişaf etməkdə olan ölkələri təmsil edir.