Türkiyə niyə nüvə stansiya investisiyalarını artırır?
Fins.az xəbər verir ki, Türkiyənin nüvə enerjisindən istifadə edən ölkələr sırasına daxil olması üçün geri sayım başlayıb. Akkuyu Nüvə Enerji Stansiyasının ilk reaktorunun yaxın zamanda işə düşməsi gözlənilir. Mövzu ilə bağlı açıqlama Akkuyu Nüvə İdarə Heyətinin sədri Anton Dedusenko tərəfindən verilib. O, turbin bölməsinin bütün əsas komponentlərinin quraşdırıldığını söyləyib, boru xətlərinin yaxın zamanda tamamlanacağını bildirib. A.Dedusenko "İlin sonuna qədər turbinin çarx qurğusuna yerləşdirilməsini planlaşdırırıq. Bu əməliyyat turbinin quraşdırılmasını tamamlayacaq və turbin təsisinin, bütün köməkçi sistemlərin sınaq üçün hazır olduğunu göstərəcək" deyə qeyd edib.
Akkuyu obyektdə inşaat işləri tamamlandıqdan sonra 2023-cü il 27 aprel tarixində stansiyaya yanacaq çubuqları gətirilməsi ilə nüvə stansiyası statusu qazanıb. Stansiya 1200 meqavat gücündə 4 reaktordan ibarətdir. İlkin olaraq buranın ilk reaktoru işə salınacaq. Daha sonra - 2026-cı il üçün bütün reaktorlar işə düşəcək. Stansiya tam gücü ilə işlədiyi zaman ildə təxminən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək. Bu, Türkiyənin enerji ehtiyacının təxminən 10 faizi, eyni zamanda, İstanbulun illik enerji tələbatının tamamilə nüvə stansiyasından təmin ediləcəyi deməkdir.
Akkuyu stansiyasının enerji hədəflərinə verəcəyi töhfə ilə yanaşı, iqtisadi gəlirləri də böyükdür. Buranın ümumdaxili məhsula təxminən 45 milyard dollar müsbət təsir göstərəcəyi gözlənilir. Lakin Türkiyə üçün Akkuyu Nüvə Enerji Stansiyası ilk olsa da, tək qalmayacaq. Yaxın müddətdə biri Sinop, digəri Trakyada olmaqla 2 yeni nüvə obyektinin də təməlinin atılması planlaşdırılır. Bu stansiyalar üçün Rusiya, Çin və Yaponiya ilə danışıqlar aparılır.
Türkiyə niyə nüvə stansiya investisiyalarını artırır? Bunun ən önəmli səbəbi milli enerji təhlükəsizliyinin təmin edilməsidir. Digər stansiyalarında təbii qaza olan asılılıq enerji mənbələrinin diversifikasiyasını zəruri edir. Türkiyənin 2053-cü il "0 emissiya hədəfi" üçün də nüvə stansiyası böyük əhəmiyyət daşıyır. Nüvə enerjisi istixana qazı emissiyası yaratmır. Bu səbəbdən qlobal miqyasda nüvə reaktorlarının sayının artırılması ilə istixana qazı emissiyasının 17 faiz azalması planlaşdırılır.
Son dövrlərdə nüvə stansiyaları bağlanmağa başlasa da, Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yaşanan enerji böhranı ilə yenidən diqqət mərkəzinə gəldi. Hal-hazırda qlobal miqyasda 32 dövlətdə 441 nüvə reaktoru fəaliyyət göstərir, 17 ölkədə isə 53 nüvə stansiyasının inşası davam edir. Burada istehsal edilən elektrik enerjisi ümumi istehsalın təxminən 10 faizinə bərabərdir. Fransa elektrik tələbatının 70 faizindən çoxunu, Ukrayna 51, İsveç 30, Belçika isə 40 faizini buradan təmin edir. Avropa İttifaqında enerjinin ümumilikdə 26 faizi nüvə enerjisindən əldə olunur. Cənubi Koreya enerjisinin 30 və ABŞ isə 20 faizini nüvə reaktorlarından istehsal edir.
Dünyada nüvə enerjisində Birləşmiş Ştatlarda 100 min meqavat ilə lider mövqedədir. Ondan sonra Fransa, Çin, Yaponiya və Rusiya gəlir. ABŞ-da 92 aktiv reaktor mövcuddur. Bu rəqəmin yaxın gələcəkdə 100-ə çatacağı gözlənilir. Fransa elektrik istehsalının böyük hissəsini, yəni 70 faizini 56 nüvə reaktoru ilə qarşılayır. Ölkədə 14 yeni nüvə stansiyası tikmək üçün işlər sürətləndirilib. Nüvə investisiyalarını artıran digər dövlət isə Çindir ki, elektrik ehtiyacının 5 faizini nüvə enerjisindən alır. 54 reaktoru olan ölkədə 22 yeni reaktorun inşa prosesi davam edir. Qısa müddətdə 40 yeni nüvə reaktorunun da inşa edilməsi gözlənilir. Hindistanda 22, Yaponiyada 33, Cənubi Koreyada 28 nüvə stansiyası elektrik istehsal edir. Neft və təbii qazla zəngin ölkələrdə də nüvə enerjisinə ciddi maraq var. Bu çərçivədə Körfəz bölgəsində yaxın gələcəkdə 10-a yaxın nüvə stansiyasının inşa edilməsi planlaşdırılır. Onlardan 4-nün Birləşmiş Ərəb Əmirliklərində yerləşməsi nəzərdə tutulur.