İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzi, 2024-cü ilin yanvar-iyun dövrünü əhatə edən “Türk iqtisadi icmalı”nı təqdim edib.
Fins.az hesabata əsasən, xəbər verir ki, Türk dövlətlərinin ümumi ÜDM-i 900,4 milyard dollar olub, bu isə qlobal ÜDM-in 1,7%-ni təşkil edir.
Türk dövlətlərinin orta ÜDM artım sürəti 5,98% olmaqla, dünya üzrə ortalama artım tempindən təxminən iki dəfə yüksəkdir. Türkiyə 13,67% artımla liderdir, onu Qırğızıstan (8,1%) və Özbəkistan (6,4%) izləyir. Sənaye istehsalı sahəsində Özbəkistan 7,8% artımla öndədir, kənd təsərrüfatında isə Özbəkistan 3,8% artım göstərib.
Türk dövlətləri arasında ticarət dövriyyəsi 508,8 milyard dollar təşkil edib. İnvestisiya artımında Qırğızıstan 60,5% ilə ən yüksək nəticəni göstərib. Büdcə gəlirlərində isə Türkiyə və Azərbaycan müvafiq olaraq 26,34% və 21,7% artım nümayiş etdirib.
Bu göstəricilər Türk dövlətlərinin iqtisadi inkişafının sürətləndiyini və qlobal bazarda mövqelərini gücləndirdiyini təsdiq edir.