Finss.az xəbər verir ki, "Dəmirəlləri" (Türkmən Dəmir Yolları) SC Berlində keçirilən "InnoTrans 2024" beynəlxalq nəqliyyat və mobillik sərgisində ölkənin dəmir yollarının modernləşdirilməsi üçün xarici şirkətlərlə danışıqlar aparır.
Tədbir çərçivəsində şirkət nümayəndələri İspaniyanın “Talgo”, Fransanın “Alstom”, İsveçrənin “Stadler Rail”, Çexiyanın “Škoda Transportation” və Xorvatiyanın TZV Gredelj şirkətləri də daxil olmaqla, dəmir yolu avadanlıqlarının aparıcı istehsalçıları ilə görüşüblər.
Məlumata görə, görüşlər Türkmənistanın nəqliyyat infrastrukturuna innovativ həllərin tətbiqinə imkan verəcək qabaqcıl texnologiyaların öyrənilməsi və təcrübə mübadiləsi məqsədi daşıyır.
Qeyd edək ki, “InnoTrans 2024” sərgisi dəmir yolu texnologiyaları, infrastruktur və ictimai nəqliyyat sahəsində ən son yenilikləri təklif edən 59 ölkədən 2940-dan çox iştirakçını bir araya gətirib.
Xatırladaq ki, “Dəmirəlləri” ASC Türkmənistan Sənaye və Rabitə Nazirliyinin tərkibinə daxildir və ölkənin nəqliyyat infrastrukturunun inkişafında, sərnişin və yük dəmir yolu xidmətlərinin göstərilməsində əsas rol oynayır. Şirkət hər il altı milyona yaxın sərnişinə xidmət göstərir və Türkmənistan və MDB ölkələri, Baltikyanı ölkələr, Avropa və Asiya vasitəsilə ixrac, idxal və tranzit yüklərə rəqabətqabiliyyətli tariflər təklif edərək beynəlxalq daşımalarda fəal iştirak edir.
Kaira Agayeva
Finss.az