Böyük Teatrda Lev Tolstoy adına Beynəlxalq Sülh Mükafatının ilk təqdimetmə mərasimi keçirilib. Bu ilki mükafat Afrika İttifaqına təqdim olunub. Mərasim böyük yazıçının doğum gününə təsadüf edib.
Fins.az xəbər verir ki, Lev Tolstoy Sülh Mükafatı 2022-ci ilin iyununda təsis edilib. Mükafat, sülhün qorunmasına, üçüncü dünya müharibəsi və nüvə fəlakətinin qarşısının alınmasına yönəlmiş, davamlı sülhməramlı fəaliyyətə və insan hüquqlarının müdafiəsinə görə verilir.
Mükafatın ilk qalibinin adını Mariinski və Bolşoy teatrlarının baş direktoru Valeri Gergiev açıqlayıb. Mükafatı Afrika İttifaqının adından Afrika Birliyi Komissiyasının sədri Musa Faki Mahamat qəbul edib. Gergiev bildirib ki, mükafat Afrika İttifaqının yerli böhranlara reaksiya mexanizmləri yaratmaq və regionun sosial-iqtisadi inkişafını dəstəkləyən regional inteqrasiya proseslərinə verdiyi töhfəyə görə təqdim olunub.
Afrika İttifaqı 2002-ci ildə yaradılıb və Afrika qitəsinin 55 dövlətini birləşdirir. Təşkilatın məqsədi Afrika dövlətləri və xalqlarının birliyini gücləndirmək, üzv dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaqdır.
Kaira Agayeva
Fins.az