İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında fələstinli şübhəliləri daşıdığı ehtimalı ilə BMT-nin karvanını saxlayıb. BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri Filippo Lazzarini bildirib ki, konvoy artıq buraxılıb və humanitar işçilər BMT bazasına qayıdıblar.
Fins.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti bu hərəkəti axtarışda olan fələstinlilərin konvoyda olduğu haqqında kəşfiyyat məlumatı alması ilə izah edib.
Lakin UNRWA rəhbəri, konvoyun poliomielit peyvəndini daşıdığını və BMT əməkdaşlarının Qəzza sakinlərini peyvənd etmək üçün getdiklərini qeyd edib.
Lazzarini konvoyun Vadi Qəzza körpüsündə saxlandığını, tərkibində milli və beynəlxalq BMT əməkdaşlarının olduğunu və hərəkətlərin əvvəlcədən İsrail tərəfi ilə razılaşdırıldığını vurğulayıb.
Kaira Agayeva
Fins.az