Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə koordinasiya əsasında Azərbaycanda COP29 çərçivəsində keçiriləcək görüşlərdə və müzakirələrdə effektiv rol oynaya bilər.
Fins.az xəbər verir ki, bunu İranın neft naziri Möhsün Paknejad bu gün Tehranda GECF katibi Məhəmməd Hamel ilə görüşündə deyib.
Onun sözlərinə görə, qazın enerji təhlükəsizliyində rolu bütün dünyada, xüsusilə də yaşıl enerjiyə keçid dövründə iqlim siyasətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
Paknejad əlavə edib ki, İran Qaz İxrac edən Ölkələr Forumunun 26-cı iclasını nazirlər səviyyəsində təşkil etməyə hazırlaşır. Neft Nazirliyi iclasın keçiriləcəyi yer kimi Tehranı təyin edib və tezliklə dəvətnamələr hazırlanaraq struktur üzvlərinə və müşahidəçilərə göndəriləcək. Ola bilsin ki, bu görüş maksimum sayda üzv və müşahidəçilərin nümayəndələrinin iştirakı ilə keçirilsin və Qaz İxrac edən Ölkələr Forumunun tarixində dönüş nöqtəsinə çevrilsin.
Qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumunun neft nazirləri səviyyəsində 26-cı iclası oktyabrın 27-29-da keçiriləcək.
Kaira Agayeva
Fins.az