DÜNYA

09 Sentyabr

Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumu keçiriləcək

Qarşılıqlı siyasi etimadı gücləndirməkdən ötrü Çin Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun və digər tədbirlərin keçirilməsini təklif edəcək. 

Fins.az xəbər verir ki, bu fikri Çinin xarici işlər nazirinin müavini Sun Veydon sentyabrın 9-da Pekində ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

ŞƏT-in beynəlxalq ictimaiyyətinin diqqətini getdikcə daha çox cəlb etdiyini vurğulayan Sun Veydon təşkilatın nüfuzunun da çoxaldığını diqqətə çatdırıb. 

Şanxay Əməkdaşlıq Təşkilatının Çinin təşəbbüsü ilə yaradılan beynəlxalq təşkilat olduğunu bildirən nazir müavini rəsmi Pekinin ŞƏT-i ölkənin xarici siyasətinin prioriteti kimi gördüyünü deyib. 

O, Belarusun ŞƏT-ə qoşulmasından sonra təşkilata üzv ölkələrin ərazisinin 36 milyon kvadratkilometri ötdüyünü, bunun da Avrasiyanın ümumi sahəsinin 65 faizindən çoxunu təşkil etdiyini bildirib. 

Sun Veydon ölkəsinin sədrliyi dövründə ŞƏT ailəsinə daxil olan ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün səy göstərəcəyini diqqətə çatdırıb. 

Qeyd edək ki, cari ilin iyulunda Astanada keçirilmiş zirvə toplantısından sonra təşkilata sədrlik rotasiya qaydasında bir il müddətinə Çinə keçib. Çinin sədrliyi ŞƏT-in gələn il keçiriləcək zirvə toplantısınadək davam edəcək.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarus), 2 müşahidəçisi (Əfqanıstan və Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Kaira Agayeva 

Fins.az