DÜNYA

05 Sentyabr

Papa müsəlmanlarla birlikdə iqlim dəyişikliyinə qarşı çağırış edib

Roma Papası Fransisk cümə axşamı günü Cakartada Cənub-Şərqi Asiyanın ən böyük “İstiqlal” məscidini ziyarət edərkən müsəlmanları və katolikləri dünya liderlərini iqlim dəyişikliyi və ekstremizmlə mübarizə aparmağa sövq etməyə çağırıb və müxtəlif dini inancların ortaq kökləri haqqında danışıb.

Fins.az xəbər verir ki, Roma Papası İndoneziyaya səfəri zamanı ölkənin ali imamı və digər yerli dini liderlərlə birlikdə qlobal istiləşmə probleminin həlli üçün qətiyyətli addımlar atmağa çağıran bəyanatla çıxış edib.

Fransisk və İndoneziyanın Böyük imamı Nəsaruddin Ömərin imzaladığı bəyannamədə deyilir: “İnsan övladının Tanrının yaratdığı ümumi evimizi istismar etməsi təbii fəlakətlər, qlobal istiləşmə və gözlənilməz hava şəraiti kimi müxtəlif dağıdıcı nəticələrə gətirib çıxaran iqlim dəyişikliyinə töhfə verib. Biz səmimi şəkildə bütün insanları təbii mühiti və onun ehtiyatlarının bütövlüyünü qorumaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”. 

Papa küçənin qarşı tərəfində yerləşən məscidi şəhərin katolik kilsəsi ilə birləşdirən yeni yeraltı tuneldən dəfələrlə bəhs edib. Fransisk “Dostluq tuneli” adlanan 28 metr uzunluğundakı keçidin fərqli inanclardan olan insanların ortaq köklərə malik ola biləcəyini göstərən rəmzi əlamət olduğunu deyib.

İndoneziyanın 280 milyonluq əhalisinin təxminən 87 faizi müsəlman, 3 faizə yaxını isə xristian katolikdir.

Fransisk 11 illik papalığı dövründə katoliklər və müsəlmanlar arasında dialoqu vurğulayıb və müsəlman liderlərlə bir neçə birgə bəyannamə imzalayıb. Belə ki, 2019-cu ildə Ərəbistan yarımadasına səfər edən ilk Roma Papası kimi, o, burada Əl-Əzhərin Böyük imamı ilə dinlərin qardaşlığına dair Bəyannamə imzalayıb.

Kaira Agayeva 

Fins.az