Fransa Yeni Kaledoniyada yerli əhalinin etiraz mitinqlərini vəhşicəsinə yatırmaqla bəyan etdiyi insan hüquqları və söz azadlığı dəyərlərindən uzaqlaşdığını bir daha nümayiş etdirdi.
Fins.az xəbər verir ki, bu sözləri çərşənbə günü, sentyabrın 4-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat bu ilin may ayında Yeni Kaledoniyanı bürümüş mitinqlərin Fransa hakimiyyəti tərəfindən vəhşicəsinə yatırıldığını xatırladıb. O, Fransanın dövlət qurumları tərəfindən insan hüquqlarının pozulması və qeyri-adekvat güc tətbiqi faktlarının qiymətləndirilməsini və sənədləşdirilməsini tələb edib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Fransa hakimiyyəti Yeni Kaledoniyada birbaşa siyasi repressiyaya keçib və etiraz hərəkatları zamanı 2,5 minə yaxın adam saxlanılıb.
O, diqqəti Parisin digər ölkələrdəki seçkiləri guya narahatlıqla, təşvişlə və hətta qərəzlə qiymətləndirməsi faktına çəkib. “Bu, onların cavabdeh olduqlarını söylədikləri sahədir. Görün orada nə baş verir? Eyni zamanda, orada etdiklərinə görə cavab verməyə hazır deyillər. Özlərində, evdə və ya məsuliyyət daşıdıqları sahədə vəziyyəti yaxşılaşdırana qədər onların başqalarına mühazirə oxumağa və digərlərini qınamağa ixtiyarı yoxdur”, -deyə Zaxarova əlavə edib.
Kaira Agayeva
Fins.az