Misir prezidenti Əbdülfəttah əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Türkiyə pilotsuz təyyarələrinin Misirə tədarükü ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.
Fins.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Əs-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək və ikitərəfli ticarət dövriyyəsinin ildə 10 milyard dollardan 15 milyard dollara çatdırılması perspektivləri müzakirə olunacaq. Əs-Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq. “Milliyet” qeyd edir ki, tərəflər Şərqi Aralıq dənizindəki vəziyyəti, Liviya və digər regional məsələləri də ətraflı müzakirə edəcəklər.
Ərdoğan 12 ildən sonra ilk dəfə 2024-cü ilin fevralında normallaşma prosesi çərçivəsində Misirə səfər edib. 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra hər iki ölkə səfirlərini geri çağırıb. 2021-ci ilin martında Türkiyə Xarici İşlər Nazirliyi Misirlə diplomatik səviyyədə təmasların bərpa olunduğunu elan edib. 2023-cü ilin iyulunda hər iki ölkə Ankara və Qahirəyə səfirlər təyin etməklə diplomatik münasibətləri tam bərpa edib.
Kaira Agayeva
Fins.az