DÜNYA

29 Avqust

ABŞ-dan İsrailə çağırış: Mülki insanları qoruyun

ABŞ Prezidenti Co Baydenin administrasiyası İsraili İordan çayının qərb sahilində mülki insanları qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırıb.

Fins.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti "The Times of Israel" qəzetinə verdiyi bəyanatda bildirib. Departament, həmçinin İsrailin təhlükəsizlik və terrorla mübarizə ehtiyaclarını da tanıdığını vurğulayıb.

Bir gün əvvəl İsrail Müdafiə Qüvvələri Cenin və Tulkərm şəhərlərində terrorla mübarizə əməliyyatı başlatdığını açıqlamışdı. "The Times of Israel"ə görə, bu əməliyyat nəticəsində azı 11 nəfər ölüb, 26 nəfər yaralanıb.

ABŞ, İordan çayının qərb sahilində sabitliyin qorunmasına dair narahatlığını ifadə edərək, İsraili mülki insanların həyatını qorumağa çağırır. BMT baş katibi Antonio Quterreş də İsrailin hərəkətlərini pisləyib və mülki ölümlərlə bağlı narahatlığını ifadə edib, İsraili beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb.

Kaira Agayeva 

Fins.az