“The Japan Times” xəbər verir ki, güclü "Şanşan" qasırğası Yaponiyanın Kyuşu adasındakı Kaqosima prefekturasının sahillərinə çatıb. Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi bildirib ki, Aiçi prefekturasında torpaq sürüşməsi nəticəsində azı 3 nəfər ölüb, bir nəfər itkin düşüb. NHK telekanalına görə, Kyuşu adasında 54 nəfər xəsarət alıb.
Fins.az xəbər verir ki, Kyushu Electric enerji şirkəti tayfun səbəbindən Kyuşunun yeddi prefekturasında 255 minə yaxın evin elektriksiz qaldığını açıqlayıb. Qasırğa bu gün, avqustun 29-da yerli vaxtla saat 8:00-da Satsumasenday şəhəri yaxınlığında quruya çatıb. Maksimum külək sürəti saatda 144 km, bəzi yerlərdə isə 216 km-ə çatıb.
Kaqosima, Miyazaki, Oita, Kumamoto, Ehime, Aiçi və Şizuoka şəhərlərinin bir hissəsində daşqın və sürüşmə riski ilə əlaqədar evakuasiya əmrləri verilib. Yufu şəhərində daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Yaponiyanın ən böyük aviaşirkəti yüzlərlə reysi təxirə salıb, dəmir yolu şirkətləri isə mümkün ləğvlər barədə xəbərdarlıq ediblər. Meteoroloqlar Kyushunun bəzi yerlərində 24 saat ərzində 400-600 mm yağıntı proqnozlaşdırır.
Kaira Agayeva
Fins.az