Almaniyanın Federal Statistika Bürosu (Destatis) tərəfindən yayımlanan yeni məlumatlara əsasən, Avropanın ən iri iqtisadiyyatı olan Almaniyanın Ümumi Daxili Məhsulu (ÜDM) 2024-cü ilin ikinci rübündə mövsümi düzəlişlər nəzərə alındıqda rüblük əsasda 0.1% azalıb. Bu göstərici analitiklərin əvvəlcədən verdiyi proqnozlarla uyğunlaşır.
Fins.az xəbər verir ki, illik ifadədə, mövsümi düzəlişlər nəzərə alındıqda, ÜDM-də sıfır dinamika müşahidə olunub. Analitiklər də bu dövrdə 0.1% azalma proqnozlaşdırırdılar. Əvvəlki rüblərdə də oxşar trend müşahidə olunub: 2024-cü ilin birinci rübündə ÜDM 0.1%, 2023-cü ilin dördüncü rübündə 0.2%, üçüncü rübdə isə 0.3% azalmışdı.
Bununla yanaşı, mövsümi düzəlişlər nəzərə alınmadan, Almaniyanın ÜDM-i bu ilin ikinci rübündə 0.3% artıb. Bu göstərici də analitiklərin proqnozları ilə üst-üstə düşür.
Bu məlumatlar Almaniya iqtisadiyyatının cari vəziyyəti və iqtisadi inkişaf trendini əks etdirir, həmçinin gələcəkdəki iqtisadi siyasətlərin və strategiyaların qiymətləndirilməsinə təsir göstərə bilər.