Qlobal istiləşmə Avstraliyada dəvələrə münasibətin dəyişməsinə səbəb olub.
Fins.az xəbər verir ki, 150 il əvvəl britaniyalı koloniyaçılar tərəfindən materikə nəqliyyat vasitəsi kimi gətirilən dəvələr burada çox sürətlə yayılıb. Əlverişli şərait, yırtıcıların olmaması bu canlıların tez bir zamanda çoxalıb ziyanvericiyə çevrilməsi ilə nəticələnib. Hazırda Avstraliyada 1 milyon başdan çox dəvə var. Onların sayı 10 ildə ikiqat arta bilər.
Hökumət vaxtaşırı olaraq vəhşi dəvələrin sayının tənzimlənməsini həyata keçirsə də, son vaxtlar bəzi iş adamlarının bu heyvanlardan gəlir əldə etmək istəyi “səhra gəmiləri”nə münasibəti dəyişir.
Artıq bir neçə sahibkar dəvələrlə turizm səfərləri təşkil edərək ciddi gəlir əldə edib. Bəzi sahibkarlar isə təbiətdə sərbəst gəzən heyvanları süd və ətindən istifadə etmək üçün xüsusi təsərrüfatlarda bəsləməyə başlayıb.
İş adamı Rayan Mak Milanın fikrincə, dəvələr zərərverici deyil, lakin onlardan az səmərə əldə edilib: “Bu heyvanlar qlobal isinməyə ideal şəkildə adaptasiya olurlar. Onlar heç bir canlının yaşaya bilmədiyi Avstraliya səhralarında rahatlıqla yaşayırlar”.
Hazırda avstraliyalı fermerlər dəvələrin ət və südünü Yaxın Şərq regionuna sataraq mənfəət əldə etmək istəyirlər. Artıq bir istehsalçı bu yöndə fəaliyyətə başlayıb. Artıq dəvələr avstraliyalıların nəzərində dağıdıcıdan xeyir verənə çevrilib.
Kaira Agayeva
Fins.az