Danimarkada atçılıq komplekslərində baş verən qalmaqallardan sonra bu ölkənin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin rəhbəri Yakob Yensen Atçılıq Federasiyasının nümayəndələri ilə görüş keçirib və çıxışında atlara qarşı amansız rəftarla bağlı cəzaları sərtləşdirməyə çağırıb.
Fins.az xəbər verir ki, Parisdə keçirilən Olimpiya Oyunlarında Danimarkanın atçılıq idmanı yığması komanda yarışında uğurla çıxış edərək gümüş medal qazanıb.
Yensen deyib: “Olimpiya medalları qazanmaq yaxşıdır, lakin onları əldə etmək heyvanlara qarşı amansızlıq hesabına başa gəlməməlidir. Biz qanunu pozmamalıyıq və əgər iş bu yerə çatarsa, atlara qarşı vəhşi rəftar edənləri cərimə və ya həbslə cəzalandırmaq lazımdır”.
O, həmçinin Danimarkada at tövlələrinə nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu deyib.
Qeyd edək ki, ötən ilin payızında Danimarkada at yarışında idmançıların atlara qarşı kobud rəftar edilməsi ilə bağlı iki fakt qeydə alınıb. Nəticədə Andreas Helqstrand və Karina Kasse Krut milli və beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb.