ABŞ Dövlət Departamenti, Ermənistanın nüvə sahəsində əməkdaşlığa dair “123 sazişi”nə qoşulmaq üçün müraciətini təhlil etdiklərini açıqlayıb. Müraciət təsdiqlənərsə, Ermənistan atom elektrik stansiyalarının layihələndirilməsi və tikintisi üçün Amerikanın texnologiyalarından istifadə edə biləcək.
Fins.az xəbər verir ki, Dövlət Departamentinin şərhinə görə, ABŞ hökuməti danışıqların təfərrüatlarını açıqlamasa da Ermənistanın mülki nüvə əməkdaşlığını dərinləşdirmək istəyini alqışlayır.
2023-cü ilin noyabrında Ermənistanın baş naziri Nikol Paşinyan, SSRİ dövründə tikilmiş Metsamor AES-ni əvəz edəcək yeni atom stansiyasının yaradılacağını bildirmişdi. Paşinyanın sözlərinə görə, İrəvan Moskva, Vaşinqton və Seulla danışıqlar aparır.
Metsamor AES-in texnologiya və yanacaq təchizatı Rusiyadan asılıdır və 2023-cü ildə Ermənistan AES-in istismar müddətini 2036-cı ilə qədər uzatmaq üçün Rosatom ilə 65 milyon dollarlıq müqavilə imzalayıb.
Kaira Agayeva
Fins.az