DÜNYA

22 Avqust

FSB daha üç xarici jurnalistə qarşı cinayət işi açıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) CNN-in jurnalisti Nik Peyton Uolş və ukraynalı müxbirlər Olesya Borovik və Diana Butskoya qarşı Rusiyanın dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə cinayət işi açıb.

Məlumata görə, jurnalistlər avqustun 6-dan etibarən Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərin davam etdiyi Kursk vilayətinin Sudjanski rayonunda materiallar hazırlayırdılar.

Fins.az xəbər verir ki, FSB Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322-ci maddəsinin 3-cü hissəsi ilə bağlı cinayət işləri açıb və bu şəxslərin tezliklə beynəlxalq axtarışa veriləcəyini bildirib. Əgər jurnalistlər Rusiyada saxlanılarsa, onlara 5 ilə qədər həbs cəzası verilə bilər.

Qeyd edək ki, avqustun 17-də FSB eyni maddə ilə italyan jurnalistlər Simoni Traini və Stefani Battistiniyə qarşı da cinayət işi açıb. Bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyi İtaliyanın Moskvadakı səfirini çağırıb. Jurnalistlər Kursk vilayətindəki vəziyyətdən bəhs edən video reportaj hazırlayarkən Ukrayna hərbçiləri və yerli sakinlərlə söhbət ediblər.
 

Kaira Agayeva 
Fins.az