DÜNYA

21 Mart

Rus taxılını tamamilə qadağan etmək istəyirlər

Litva, Latviya, Estoniya, Polşa və Çexiyanın kənd təsərrüfatı nazirləri Avropa Komissiyasını Rusiya və Belarusdan Avropa İttifaqına taxıl idxalını qadağan etməyə çağırıblar.

“European Pravda” yazır ki, bu barədə Litvanın Kənd Təsərrüfatı Nazirliyi öz rəsmi saytında məlumat yayıb.

Litvanın təşəbbüsü ilə Avropa Komissiyasına müraciətdə bu məhdudiyyətin bütün Avropa İttifaqı ərazisində səmərəli şəkildə həyata keçirilməsi üçün Aİ-yə üzv dövlətlərin əməkdaşlığının təmin edilməsi xahiş olunur.

Nazirlər, həmçinin Ukraynadan oğurlanmış mümkün taxılın Aİ bazarına daxil olmasının qarşısını almağa yönəlmiş tədbirlərin tətbiqinin vacibliyini qeyd ediblər.

Kənd təsərrüfatı naziri Kestutis Navickasın sözlərinə görə, Aİ-nin Moskvaya qarşı sanksiyaları kifayət deyil, ona görə də Rusiya mallarının Aİ bazarına çıxışını məhdudlaşdırmaq üçün əlavə tədbirlərə ehtiyac var.

Litva, Latviya, Estoniya, Polşa və Çexiyanın kənd təsərrüfatı nazirləri qeyd edirlər ki, Rusiya Aİ-yə taxıl ixracından əldə etdiyi gəliri Ukrayna ilə müharibəsini maliyyələşdirmək üçün istifadə edir. Bu vəsait mülki infrastrukturu, evləri və insanları məhv etmək üçün istifadə olunan raketlər, pilotsuz təyyarələr və digər silahların istehsalına sərf olunur.