Süni intellektin sürətli inkişafı siyasətçiləri narahat etməyə davam edir. Bu yaxınlarda bir araya gələn Avropa Birliyi ölkələri süni intellektin qanuni əsasa qoyulması üçün kritik bir qərar verdi. 3 gün davam edən gərgin görüşlər nəticəsində süni intellekt texnologiyalarının gətirə biləcəyi bütün mümkün riskləri əhatə edən hüquqi tənzimləmə imzalanıb.
Fins.az xəbər verir ki, qanunun ən diqqətçəkən maddələrindən biri dövlətlərin süni intellekt sistemləri ilə insanların həyatına müdaxilə etmək hüququna malik olmaması idi. Belə bir müdaxilənin fundamental insan hüquqlarına zidd olacağı qərara alınıb. Digər diqqəti çəkən məqam isə süni intellektli chatbotların daha şəffaf şəkildə işləməli olması idi. Bu o deməkdir ki, ChatGPT kimi bir çox chatbotların iş prinsipi dəyişə bilər.
Bir çox Avropa Birliyi ölkəsi aylarla davam edən görüşlərdən sonra 27 ölkənin ortaq qərarı ilə yekun nəticə əldə olunduğundan rahatlaşsa da, tənzimləmənin bəzi maddələrinə qarşı çıxan Fransa kimi ölkələr bu vəziyyətdən narahat olub. Hüquqi tənzimləmənin süni intellekt texnologiyaları ilə maraqlanan bir çox irili-xırdalı şirkətlərə mənfi təsir göstərərək iqtisadiyyata mane olacağını düşünənlər də var.
Qəbul edilmiş hüquqi tənzimləmə Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra Aİ qanunlarına uyğun olaraq 20 gün ərzində qüvvəyə minəcək. Bununla belə, süni intellekt şirkətlərinə yeni qaydalara əməl etmələri üçün əlavə 6 ay müddət veriləcək.
Günel Məlikzadə
Fins.az