Avropa İttifaqı Şurasının sədri Çarlz Mişel xüsusi liderlər sammiti başlayarkən sosial media hesabında açıqlama verib.
Fins.az xəbər verir ki, "Bütün 27 lider Aİ büdcəsi çərçivəsində Ukraynaya əlavə 50 milyard avro dəstək paketi barədə razılığa gəlib", - Mişel bildirib.
Bunun Ukrayna üçün "sabit, uzunmüddətli və proqnozlaşdırıla bilən" dəstək zəmanəti demək olduğunu ifadə edən Mişel, "Aİ Ukraynaya dəstək verməkdə liderlik və məsuliyyət daşıyır. Biz təhlükənin ölçüsünün fərqindəyik" mesajını paylaşıb.
Aİ ölkələrinin liderləri Ukraynaya maliyyə dəstəyi göstərmək məqsədi ilə İttifaqın uzunmüddətli büdcəsinə dəyişiklikləri müzakirə etmək üçün xüsusi sammitdə bir araya gəliblər.
Aİ Komissiyası yaxın 4 ildə Ukraynaya fasiləsiz dəstək vermək üçün 2024-27-ci illər büdcəsinə 50 milyard avroluq fondun daxil edilməsini istəyib. 26 üzv bunu dəstəklədiyi halda, Macarıstan müxtəlif səbəblərdən buna qarşı çıxdı.
Macarıstanın baş naziri Viktor Orban 2023-cü ilin dekabrında keçirilən Aİ Liderlər Sammitində yekdilliklə qəbul edilən qərara veto qoyub.
Günel Məlikzadə
Fins.az