Çin inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alaraq ədalətli əsaslarla iqtisadi qloballaşmanın qurulmasının tərəfdarıdır. TASS xəbər verir ki, bu barədə “People's Daily” qəzeti yazır.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanında deyilir: “Biz iqtisadi qloballaşmanın inklüziv olmasını, yəni dünya ölkələrinin, xüsusən də inkişaf etməkdə olan ölkələrin ümumi tələblərinə cavab verməsini və ölkələr arasında və ölkə daxilində inkişaf balanssızlığını aradan qaldırmağın tərəfdarıyıq”.
“Biz birlikdə böyüməli və iqtisadi qloballaşmanın "kökəsini" ədalətli şəkildə bölüşməliyik ki, müxtəlif ölkələr, müxtəlif təbəqələr və müxtəlif insan qrupları qarşılıqlı fayda, "qazan-qazan" vəziyyətinə nail olmaq üçün iqtisadi və sosial inkişafda iştirak edib bəhrələrindən ümumi rifah üçün istifadə etsinlər”,- məqalədə vurğulanır.
İqtisadi qloballaşmanın “bəşər cəmiyyətinin inkişafı üçün yeganə yol və zamanın dönməz tendensiyası” olduğunu qeyd edən nəşr, eyni zamanda, son illərdə “proteksionizmin müxtəlif formalarının əhəmiyyətli dərəcədə artdığını” etiraf edir.
Nəşr ticarət və investisiyaların liberallaşdırılmasına və asanlaşdırılmasına kömək etməyi, qlobal sənaye zəncirlərinin sabitliyini və rəvan işləməsini təmin etməyi, hamıdan qarşılıqlı anlaşma və qarşılıqlı güzəştləri təşviq etməyi, bununla da dünya iqtisadiyyatının sağlam inkişafına və qlobal iqtisadi artımın saxlanmasına kömək etməyi təklif edir.