Malayziya Baş Nazirliyinin mətbuat xidməti İsrail bayraqlı gəmilərin Malayziya limanlarına girişinin qadağan edildiyini açıqlayıb.
Fins.az xəbər verir ki, Malayziya Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Malayziya hökuməti İsraildə yerləşən ZIM gəmiçilik şirkətinin hər hansı Malayziya limanına yanaşmasına mane olmaq və icazə verməmək qərarına gəlib. Nəqliyyat Nazirliyi dərhal tədbir görəcək və dərhal qüvvəyə minməklə bu şirkətə daimi qadağa tətbiq edəcək. Bu sanksiyalar İsrailin əsas humanitar prinsiplərə məhəl qoymayan və fələstinlilərə qarşı davamlı qırğınlar və vəhşiliklər vasitəsilə beynəlxalq hüququ pozan hərəkətlərinə cavabdır. Malayziya hökuməti həmçinin İsrail bayrağı altında üzən gəmiləri ölkə limanlarına yanaşmağa qəbul etməmək qərarına gəlib. Bundan əlavə, Malayziya İsrailə gedən hər hansı gəmilərə Malayziya limanlarında yük yükləməsini qadağan edib. Bu məhdudiyyətlərin hər ikisi dərhal qüvvəyə minəcək. Malayziya qərarın Malayziyanın biznes fəaliyyətinə təsir etməyəcəyinə əmindir”.
Günel Məlikzadə
Fins.az