ABŞ Ticarət Departamenti iyul ayı üçün uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malların sifariş həcmi ilə bağlı məlumat açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ-da uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malların sifariş həcmi iyul ayında proqnozlaşdırılandan çox - 5.2% - azalıb.
Müvafiq olaraq, iyul ayında bir əvvəlki aya görə sifariş həcmi 5.2% azalaraq 285.9 milyard dollara geriləyib. Bu nisbət, 2020-ci ilin aprel ayında Kovid-19 pandemiyasından sonra dayanıqlı uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malların sifariş həcmində ən kəskin azalma olaraq qeydə alınıb.
Bu dövrdə sifarişlərin 4% azalacağı ehtimal edilirdi. Xatırladaq ki, iyun ayında uzunmüddətli mallar üzrə sifarişlər 4.4% artaraq 301.5 milyard dollar təşkil etmişdi.
Nəqliyyat avadanlığı sifarişləri ardıcıl dördüncü ay artdıqdan sonra iyulda 14.3% azalaraq 98.7 milyard dollara düşüb. Eyni dövrdə daşıma istisna olmaqla sifarişlər 0.5% artıb, müdafiə istisna olmaqla sifarişlər isə 5.4% azalıb.
İstismar müddəti ən azı 3 il olan məhsullardan ibarət uzunmüddətli istehlak malları üzrə sifarişlər sənaye istehsalı haqqında məlumatların verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Zəminə Hüseyn
Fins.az