Qlobal smartfon bazarı 2014-cü ildən bəri ən pis üçüncü rübünü yaşayıb, çünki istehlakçılar iqtisadi dalğalanmalar nəticəsində elektronika kimi vacib olmayan xərcləri təxirə salmağa meyllidirlər.
"Canalys" bazar araşdırması firmasının məlumatına görə, sentyabrda bitən üç ayda (iyul-sentyabr) dünya üzrə smartfon satışları 9% düşərək, davam edən azalmanı 2022-ci ilə qədər uzadıb.
Canalys, tələbdə azalma meylinin daha 9 ay davam edəcəyini gözlədiyini bildirib.
"2022-ci ilin 3-cü rübündə qlobal smartfon bazarı bu il ardıcıl üçüncü enişini qeyd edərək, illik müqayisədə 9% azalıb. Bu, 2014-cü ildən bəri üçüncü rüb üzrə ən pis göstəricidir. İqtisadi vəziyyətin ağırlaşması istehlakçıları elektron avadanlıqların alınmasını gecikdirməyə və digər vacib xərclərə üstünlük verməyə vadar edib. Bu, ehtimal ki, növbəti altı-doqquz ay ərzində smartfon bazarını zəiflətməyə davam edəcək",- "Canalys"ın məlumatında bildirilir.
Faiz dərəcələrindəki artımlar və artan enerji qiymətləri müştərilərin tələbinin azalmasına səbəb olarkən, Çindəki iqtisadi yavaşlama və Covid-19 karantinləri smartfon satışlarının sürətinin azalmasında əsas rol oynayıb.
Xiaomi Corp., Vivo və Oppo kimi çinli oyunçuların hamısı bu il satışlarında ikirəqəmli azalma ilə üzləşiblər və yalnız Apple şirkətinin iPhone-larının satışı artım nümayiş etdirib.
Məlumatlar göstərir ki, Samsung, intensiv endirimlər və promosyonların töhfəsi ilə bazarın 22 faizi ilə qlobal lider mövqeyini qoruyur. Apple (18%) və Xiaomi (14%) 2-ci və 3-cü yeri tuturlar. Xiaomi-nin bazar payı dəyişməyib.
Sentyabr ayında iPhone 14 seriyasını təqdim edən Apple şirkəti bazar payını 18%-dən 18%-ə çatdırıb. Oppo və Vivo isə keçən illə müqayisədə daha kiçik paya malik olublar. Oppo-nun bazar payı 11%-dən 10%-ə, Vivo-nun bazar payı isə 11%-dən 9%-ə düşüb.