Google-un məxsus olduğu Alphabet 2022-ci ilin ikinci rübü üzrə balans hesabatını açıqlayıb.
"Fins.az" xəbər verir ki, Alphabet-in ilin ikinci rübündəki (aprel-iyun) gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 69,7 milyard dollara çatıb. Proqnoz 69,9 milyard dollar gəlir idi. Şirkətin 2021-ci ilin ikinci rübündə gəliri 61,9 milyard dollar təşkil etmişdi.
Bu dövrdə qeydə alınan artıma baxmayaraq, ikinci rübdə Alphabet-in gəliri bazar gözləntilərinə uyğun gəlmir, şirkətin gəlirinin artıması yavaşlayır.
İkinci rübdə Alphabet-in xalis mənfəəti illik müqayisədə 14 faiz azalaraq 16 milyard dollara düşüb. “Alphabet” ötən ilin ikinci rübündə 18,5 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin aprel-iyun dövründə 1,36 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,21 dollara düşüb.
Google, İnternet axtarışı və reklam texnologiyalarına sərmayə qoyan, onlayn xidmətlər və yüksək texnologiyalı məhsullar inkişaf etdirən Amerikanın ictimai korporasiyasıdır. Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 1998-ci ilin sentyabrında özəl şirkət kimi qeydiyyatdan keçib və hazırda Alphabet holdinqinin bir hissəsidir.