Ərzaq böhranının yaxınlaşması ilə bağlı dəfələrlə xəbərdarlıq edən kənd təsərrüfatı analiz firması Gro Intelligence-in CEO-su Sara Menker, dünyada 10 həftəlik istehlak üçün kifayət edəcək qədər buğda ehtiyatının olduğunu açıqlayıb.
"Fins.az" xəbər verir ki, Gro Intelligence kənd təsərrüfatı təhlil firmasının məlumatına görə, ehtiyatlarda 10 həftə ərzində dünya istehlakını təmin edəcək qədər buğda qalıb. Bu rəqəmin 2008-ci il maliyyə böhranından bəri müşahidə edilən ən aşağı səviyyə olduğu bildirilir.
Bu səviyyə gözləniləndən daha pis hesab olunur. Dövlətlər qlobal buğda ehtiyatlarının illik istehlakın 33%-ini təşkil etdiyini iddia etdiyi dövrdə, Gro Intelligence-in baş direktoru Sara Menker cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi ilə bağlı iclasda çıxış edərək, bu nisbətin əslində 20%-ə yaxın olduğunu bildirib.
Uzun müddətdir yaxınlaşan ərzaq böhranı ilə bağlı xəbərdarlıq edən Menker artan aclıq təhlükəsi qarşısında təcili tədbirlər görülməsi lazım olduğuna diqqət çəkib. Artan məhsul qiymətləri milyonlarla insanı risk altında qoydu, quraqlıq və artan gübrə qiymətləri isə qarşıdakı dövrdə taxıl tədarükünü təhlükə altına salmağa başlayıb.