Yaponiya parlamentinin yuxarı palatasında aprelin 1-dən başlayacaq 2022-ci maliyyə ili üçün rekord həcmdə – 107,6 trilyon yen (təxminən 902,51 milyard dollar) büdcə layihəsi ilə bağlı səsvermənin çərşənbə axşamı keçiriləcəyi bildirilir.
Fins.az TASS informasiya agentliyininə istinadən xəbər verir ki, büdcə layihəsinin ölkənin hakim koalisiyası olan Liberal Demokrat Partiyasının və Komeito Partiyasının dəstəyi hesabına səs çoxluğu ilə təsdiqlənəcəyi gözlənilir. Lakin bu olmasa belə, Yaponiya konstitusiyasına görə, büdcə avtomatik olaraq martın 23-də, yəni Parlamentin Aşağı Palatasında təsdiqləndikdən və parlamentin yuxarı palatasına baxılmaq üçün təqdim edildikdən 30 gün sonra qüvvəyə minəcək.
Büdcənin həcmi 10-cu ildir ki, davamlı olaraq artır və rekord həddə - 107,6 trilyon yen (təxminən 902,51 milyard dollar) təşkil edəcək. 2022-ci il martın 31-də başa çatacaq 2021-ci maliyyə ili üçün ilkin büdcə 106,61 trilyon yen (894,21 milyard dollar) olub.
Yeni maliyyə ilində müdafiə xərcləri də rekord həddə çatacaq və 5,4 trilyon yen (təxminən 45,29 milyard dollar) təşkil edəcək. Xərclərin xüsusilə ölkənin kiberməkanda və kosmosda müdafiə qabiliyyətini möhkəmləndirmək kimi sahələrə yönəldiləcəyi güman edilir. Bundan əlavə, yeni silahların alınması, Aegis raketdən müdafiə sistemləri ilə təchiz edilmiş iki yeni gəminin inşası, eləcə də Hava Özünümüdafiə Qüvvələri üçün yeni qırıcının hazırlanması planlaşdırılır.
Digər rekord yüksək xərclər sosial və səhiyyə sektorlarına yönələcək. Yeni maliyyə ilində əhalinin qocalması fonunda sosial ehtiyaclar üçün 36,27 trilyon yen (təxminən 304,22 milyard dollar) ayrılacaq. Bu xərclər ümumi büdcə paketinin təxminən üçdə birini təşkil edəcək.
Gələcəkdə epidemiyalar da daxil olmaqla gözlənilməz hallara cavab vermək üçün ehtiyat fondların yaradılmasına təxminən beş trilyon yen (41,94 milyard dollar) ayrılacağı gözlənilir.
Analitiklər bildirirlər ki, bu büdcə paketinin qəbulu son 22 il ərzində rekord dərəcədə qısa müddətdə baş verir. Büdcənin ən erkən qəbulu - 17 mart - 1999 və 2000-ci illərdə olub.