ABŞ prezidenti Co Bayden 1,5 trilyon dollarlıq büdcə layihəsini imzalayıb.
"Fins.az" "Bloomberg"ə istinadən xəbər verir ki, Bayden Ağ Evdə keçirilən imza mərasimində ABŞ Senatı və Nümayəndələr Palatasında həm Respublikaçıların, həm də Demokratların dəstəyi ilə qəbul edilən büdcə qanun layihəsini təsdiqləyib.
2022-ci maliyyə ili üçün 30 sentyabr tarixinə qədər ABŞ federal hökumətinə maliyyə təmin edəcək büdcə ilə ölkədə federal hökumətin fəaliyyətinin dayandırılmasının qarşısı alınıb.
Aylarla davam edən danışıqlardan sonra Nümayəndələr Palatasının və Senatın qəbul etdiyi 2741 səhifəlik büdcəyə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 13,6 milyard dollarlıq yardım paketi daxil edilib. Sözügedən büdcədə Müdafiə Nazirliyi daxilində hərbi xərclərə təxminən 782 milyard dollar ayrılıb.
Ağ Evin Kovid-19 epidemiyasında yeni variantlarla mübarizə aparmaq üçün peyvənd və müalicə üçün tələb etdiyi 20 milyard dollardan çox vəsait büdcədə olmadı.
"Ölkəmizin Covid-19-a reaksiyasını davam etdirmək üçün Konqresə təcili yardım üçün 22,5 milyard dollar ayırmağa ehtiyacımız var" deyə Bayden Twitter hesabında məlumat yayımlayıb.