DÜNYA

14 Mart

Avropa İttifaqından Abramoviçə növbəti  sanksiya şoku

 Avropa İttifaqı rusiyalı oliqarx Roman Abramoviçin aktivlərinin dondurulması ilə bağlı razılığa gəlib.

"Fins.az" xəbər verir ki, İngiltərədə aktivləri dondurulan rusiyalı oliqarx Roman Abramoviçə növbəti zərbə Avropa İttifaqından (Aİ) gəlib.

“Reuters”in məlumatına görə, Aİ Abramoviçin aktivlərinin dondurulmasına razılıq verib.

Reuters iki diplomatik mənbəyə istinadən xəbər verir ki, Aİ diplomatları “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçin sanksiya siyahısına daxil edilməsi ilə bağlı razılığa gəliblər.

Daha əvvəl İngiltərə "Çelsi"nin sahibi Abramoviçin aktivlərinin dondurulduğunu, İngiltərədə fiziki şəxslər və müəssisələrlə əlaqələri qadağan etdiyini, səyahət qadağası və nəqliyyat sanksiyaları tətbiq etdiyini açıqlamışdı.

Verilən açıqlamada futbolçu transferi və bilet satışı da daxil olmaqla "Çelsi"nin bütün maliyyə fəaliyyətlərinin qarşısı alınıb.

Qeyd edək ki, Abramoviç Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar klubun idarəçiliyini “Çelsi” Fondunun qəyyumlar şurasına təhvil verib. Rus milyarder Abramoviç 2003-cü ildə ingilis iş adamı Ken Batesə 140 milyon funt sterlinq ödəməklə "Çelsi"nin sahibi olub.