Onlayn təhsil platforması bununla da 4.3 milyard dollar bazar dəyərinə çatmağı hədəfləyir.
ABŞ-ın onlayn təhsil xidmətləri təqdim edən ən böyük şirkətlərindən biri Coursera Inc. Nyu-York birjasında Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsinə başlayacağını bildirib. Marja xəbər verir ki, şirkət bir səhm üçün 33 dollar qiymət müəyyənləşdirib.
IPO-da 14,7 milyon səhmin satışa çıxarılacağı gözlənilir. Şirkət Nyu-York birjasında “COUR” qısa simvolu ilə çıxış edəcək. Coursera-nın bu prosesdə əsas anderrayterləri qismində Morgan Stanley və Goldman Sachs-dır. Citigroup və UBS İnvestisiya Bankı isə əsas menecerlərdir.
2012-ci ildə ABŞ-ın Stanford Universitetinin kompüter elmləri üzrə professorları Endryu Ng və Dafne Koller tərəfindən yaradılan Coursera hazırda öz müştərilərinə 150-dən artıq universitetin 4000 onlayn təhsil və təlim kursunu təklif edir. Şirkət 29 ölkədə 200-dən artıq elm və təhsil müəssisəsi ilə tərəfdaşlıq qurub. Təkcə 2020-ci ildə marketinqə 100 milyon dollardan artıq pul xərcləyən Coursera 2019-cu ildən 59% çox - 293 milyon dollar gəlir əldə edib. Şirkət hələlik xalis mənfəət çıxmasa da, davam edən koronavirus pandemiyasının ona daha çox qazanc gətirəcəyi şübhəsizdir.