DÜNYA

27 Mart

Yaponiya parlamenti 2021-ci maliyyə ili üzrə dövlət büdcəsini təsdiqləyib

Yaponiya parlamentinin deputatları aprelin 1-də başlayacaq növbəti maliyyə ili üzrə rekord miqdarda - 106 trilyon yen (təqribən 1 trilyon dollar) məbləğində dövlət büdcəsini təsdiqləyib.

Fins.az Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, növbəti maliyyə ili üzrə dövlət büdcəsinin layihəsi parlamentin yuxarı palatasında martın 26-da təsdiqlənib. Bildirilir ki, büdcə üzrə maddələrdə koronavirus pandemiyasına qarşı mübarizə, rəqəmsal transformasiyaya yardım və karbon qazı ilə əlaqədar neytrallıq istiqamətində tədbirlər əksini tapıb.

Qeyd edilir ki, ümumi məbləğin üçdəbiri və ya 330 milyard dollar yaşlı nəslin nümayəndələrinin sayının artması ilə əlaqədar sosial təminat xərcləri üçün nəzərdə tutulur. Bu, əvvəlki maliyyə ili ilə müqayisədə təqribən 1,4 milyard dollar çoxdur.

Yeni maliyyə ilində müdafiə xərclərinin artırılması da nəzərdə tutulur. Bu məqsədlə büdcədən 49 milyard dollar vəsaitin ayrılması planlaşdırılır.

Növbəti maliyyə ilində korporasiyaların gəlirlərinin azalması ilə əlaqədar hökumət vergilərdən gələcək gəlirlərin azalacağını da proqnozlaşdırır.

 

@azertac