2020-ci maliyyə ili ərzində ABŞ-ın büdcə kəsirinin həcmi ÜDM-in 15,2%-ə çatıb. Bu, 1945-ci ildən bəri rekord göstəricidir. ABŞ-da maliyyə sentyabrın 30-da aşa çatıb.
Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunub ki, pul ifadəsində büdcə kəsiri 3,132 trln. dollara çatıb. Müqayisə üçün, 2008-2009-cu illərin maliyyə böhranı zamanı bu rəqəm 1,413 trln. dollar (ÜDM-in 9,8%-i) təşkil edib. Maraqlısı odur ki, maliyyə ilinin birinci yarısında ABŞ-ın büdcə kəsiri illik ifadədə 8% (52 mlrd. dollar), ikinci yarısında isə 715% (2,1 trln. dollar) artıb.
ABŞ-ın büdcə xərcləri isə ötən maliyyə ilində 47,3% artaraq rekord 6,552 trln. dollara çatıb.
Sentyabrda ABŞ-ın büdcə kəsiri 124,611 mlrd. dollar təşkil edib, halbuki ötən ilin sentyabrında büdcədə 82,768 mlrd. dollarlıq profisit yaranmışdı. Hesabat ayında büdcə gəlirləri 0,2% azalaraq 373,169 mlrd. dollara enib, xərcləri isə 71% artaraq 497,78 mlrd. dollara çatıb.
Qeyd edək ki, ABŞ-ın dövlət büdcəsində profisit sonuncu dəfə 2001-ci ildə qeydə alınıb. Bununla belə, büdcə kəsiri 2019-cu maliyyə ilində 26% artaraq son 7 il ərzində rekord 984,388 mlrd. dollara (ÜDM-in 4,6%-i) çatıb.
Xatırladaq ki, 1943-cü ildə ABŞ-ın büdcə kəsiri ÜDM-in 27%-ni, 1943-1945-ci illərdə isə 20%-ni təşkil edib. Öz növbəsində, ABŞ-ın dövlət borcu 2020-ci maliyyə ilində ölkə ÜDM-in 102%-nə çatıb və 21 trln. dolları keçib.
(apa)