Putindən başqa həmin siyahıda siyasətçilər, biznesmenlər, şou biznes nümayəndələri, idmançılar və elm adamları yer alıb. “Financial Times” redaksiyası həmin şəxslərin 2010-cu illərdə baş verən əsas hadisələri əks etdirdiyini hesab edir.
Britaniyanın “Financial Times” nəşri tərəfindən tərtib edilən, son 10 ilin simasını müəyyənləşdirən 50 şəxsin yer aldığı siyahıda Rusiya prezidenti Vladimir Putin də var. Ümumilikdə siyahıya 19 siyasi fiqur, 22 biznesmen, həmçinin mədəniyyət, elm, idman və şou-biznes sahəsindən daha 9 nəfər daxil edilib. Reytinqə düşən siyasətçilər arasında Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron), Almaniya kansleri Angela Merkel (Angela Merkel), Hindistanın baş naziri Narendra Modi (Narendra Modi), ABŞ prezidenti Donald Tramp (Donald Trump), ÇXR sədri Si Tsinpin (Xi Jinping), Türkiyə prezindeti Rəcəb Tayyip Ərdoğan, habelə Amerikanın keçmiş prezidenti Barak Obama (Barack Obama) və Avropa Mərkəzi Bankının sədri Kristin Laqard (Christine Lagarde) var. Redaksiya həmçinin siyahıya Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni (Edward Snowden), Honkonqda kütləvi etiraz aksiyalarının lideri Coşua Vonqu (Joshua Wong), pakistanlı fəal, Nobel mükafatı laureatı Məlalə Yusəfzayı (Malala Yousafzai) və Moskva Antidopinq Laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkovu salıb. Biznes nümayəndələri arasında reytinqdə adı hallananlar aşağıdakılar olub: “Apple” şirkətinin başçısı Tim Kuk (Timothy Cook), “Amazon” şirkətinin təsisçisi Ceff Bezos (Jeff Bezos), “Tesla” şirkətinin rəhbəri İlon Mask (Ilon Musk), “Microsoft” şirkətinin həmtəsisçisi Bill Geyts (Bill Gates), “Alibaba” şirkətinin direktorlar şurasının sədri Cek Ma (Jack Ma), “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno (Bernard Arnault), “Netflix” şirkətinin rəhbəri Rid Hanstinqs (Reed Hastings), “Uber” şirkətinin təsisçilərindən biri Trevis Kalanik (Travis Kalanick) və “Facebook” şirkətinin başçısı Mark Zukerberq (Mark Zuckerberg).
Bundan başqa, tennis ulduzu Serena Uilyams (Serena Williams), model Kayli Cenner (Kylie Jenner), futbolçular Kriştianu Ronaldo (Cristiano Ronaldo) və Lionel Messi (Lionel Messi), müğənni Teylor Svift (Taylor Swift) və #MeToo hərəkatını başladan aktrisa Rouz Makqoun (Rose McGowan) düşüb.