Bu gün bir çox gənc kredit asılılığından əziyyət çəkir və düzgün maliyyə savadlılığı olmadan götürdükləri kreditlər həm borc yükünü artırır, həm də riskli davranışlara yol aça bilər.
Bunu Finss.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, çox narahatlıq doğuran məqamlardan biri budur ki, 18 yaşında bir uşağın artıq bank kartı varsa, valideynlər ona rahat ödəniş etməyə kömək edirlər ki, övladları çətinlik çəkməsin:
"Çox təəssüf ki, onların heç bir iş yeri tələb etmədən kartlarında 100–500 manat kredit götürə biləcəkləri limitsiz imkanlar mövcuddur və bu limitsiz imkanlardan yeniyetmələr faydalanır."
A. Ələkbərova qeyd edib ki, ağıl olmayan halda belə, pulun idarə olunmasını bilməyən, “pulu rahat qazandım” düşüncəsində olan insan onu da rahat xərcləyir. Sabah bu kredit asılılığından hətta kliptomaniya da yarana bilər. Kliptomaniya oğurluq xəstəliyi olub, şəxsiyyət pozuntusundan əmələ gəlir. Kliptoman insan “evimdə bunu edərəm, amma valideynimə deyə bilmirəm” deyə oğurluq etməyə başlayır.
"Və yaxud da biz görürük ki, bir insan düşünür: ‘Bu gün real olaraq 1,100–1,500 manat əmək haqqı alıram. Çox rahat kredit götürə bilərəm. Kredit götürüb bütün problemlərimi həll edə bilərəm. Gələn ayın maaşında bunu ödəyərəm.’ Amma gələn ay maaşından kreditin tam ödənişi mümkün olsa da, artıq kredit asılılığı yaranır. Kredit asılılığına gedən əsas yolların biri odur ki, asılılıq yarandıqda insan hər ay borclanmağa başlayır."
A. Ələkbərova vurğulayıb ki, insanlar öz xərclərinə hesabat verə bilmədikdə kredit asılılığı davam edir:
"Təcili xərclər var, gözə görünən xərclər var, gözə görünməyən xərclər var. Bir maaş alan insan, planlamasını düzgün etsə, kredit asılılığından əziyyət çəkməz."
Psixoloq əlavə edib ki, buna görə də müxtəlif seminarlarda gənclərə mütləq şəkildə maarifləndirmə aparılmalı, kredit asılılığından qurtulma yolları göstərilməlidir. Əks təqdirdə bankların təqdim etdiyi “rahat pulu götür, amma sabah necə ödəyəcəksən” şəraitindəki imkanlar, kredit asılılığını daha da dərinləşdirir. Bu da bəzən iqromaniya kimi digər riskli davranışlara gətirib çıxarır:
"İnsan düşünür: ‘Mən bir iqroman olsam, mərc oyunlarında oynayaram, udaram.’ Banklarda baş verən borclanma zənciri də insanı yenidən növbəti kredit asılılığına doğru aparır."
Fuad Mədətov
Finss.az