Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım çərçivəsində nəzərdə tutulmuş elektrik avadanlıqlarının ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2025-ci il tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.
Nazirlikdən Finss.az-a verilən məlumata görə, humanitar yükün tərkibinə təxminən 90 min metr elektrik kabelləri və naqillər, 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə bu avadanlıqlar 10 yük avtomobilindən ibarət karvanla yola salınıb.
Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan bu yardımın növbəti hissəsinin də yaxın günlərdə göndərilməsi planlaşdırılır.
Qeyd olunur ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar, ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.
Fuad Mədətov
Finss.az



