Finss.az - Azərbaycan Prezidenti “Yaşayış minimumu haqqında” qanunda mühüm dəyişiklikləri təsdiqləyib.
Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə çalışan şəxslər üçün yeni qida normalarının təsdiqi nəzərdə tutulur.
İqtisadçı deputat Vüqar Bayramovun Valyuta.az-a verdiyi məlumata görə, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün qida normalarının təsdiqi nəzərdə tutulmurdu ki, bu da həmin müəssisələrin bu imkandan tam faydalanmasına mane olurdu. Yeni dəyişikliklər bu boşluğu aradan qaldırır.
Nazirlər Kabineti üç ay müddətində tibb, təhsil və sosial sahə müəssisələrində şəxslərin qida normalarını müəyyən edib Azərbaycan Prezidentinə təqdim edəcək. Bundan əlavə, minimum istehlak səbətinin tərkibi 11 ildən sonra yenilənərək təsdiqlənəcək.
Yeni tərkibdə inflyasiya və xərclərdəki dəyişikliklər nəzərə alınacaq. Bu isə hazırda 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə artırılması üçün şərait yaradacaq. Nəticədə, ehtiyac meyarının yüksəlməsi sosial yardım məbləğinin də artırılmasına imkan verəcək ki, bu da sosial müdafiənin gücləndirilməsi baxımından önəmlidir.