Cəmiyyət

09 İyul

Kredit borcunu ödəyə bilməyənlərin nəzərinə

Finss.az - Kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsi borcalanı “defolt” vəziyyətinə salır və onun maliyyə etibarına ciddi zərbə vurur.

Lakin bu vəziyyətdən çıxmaq və kredit tarixçəsini yenidən formalaşdırmaq mümkündür.

Mövzu ilə bağlı Metbuat.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, belə hallarda ilk növbədə borcun ödənilməsi üçün təşəbbüs göstərilməlidir. Əgər borcun tam ödənilməsi mümkün deyilsə, bankla danışıqlar aparılaraq ödənişlərin restrukturizasiyası (məsələn, aylıq məbləğin azaldılması və ya müddətin uzadılması) üçün müraciət olunmalıdır.

Ekspert əlavə edib ki, borc tam ödənildikdən sonra Mərkəzləşdirilmiş Kredit Reyestrində məlumatların yenilənməsi tələb oluna bilər ki, bu da kredit reytinqinin bərpası üçün vacib addımdır.

Əkrəm Həsənovun sözlərinə görə, borcalanlar daha sonra kiçik və zəmanətli kreditlər götürüb, onları vaxtında ödəməklə kredit tarixçələrini tədricən yaxşılaşdıra bilərlər. Kredit kartlarından düzgün istifadə və ümumi maliyyə intizamı da müsbət nəticə verir və gələcəkdə daha rahat kredit imkanları yaradır.