Cəmiyyət

10 İyun

Azər Məmmədov: “Maliyyə resurslarının məhdudluğu qaz şəbəkələrinin yenilənməsinə mane olur”

Finss.az - Qaz şəbəkələrin bir hissəsinin fiziki köhnəlməsi onların mərhələli şəkildə yenilənməsini zəruri edir, lakin maliyyə resurslarının məhdudluğu prosesin daha sürətli icrasına mane olur.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında - “Qaz təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu sahədə əldə olunan irəliləyişlərlə yanaşı, mövcud çağırışlara diqqət yetirmək vacibdir: “Belə ki, şəbəkələrin bir hissəsinin fiziki köhnəlməsi onların mərhələli şəkildə yenilənməsini zəruri edir. Bununla bağlı müəyyən investisiya proqramları həyata keçirilir, lakin maliyyə resurslarının məhdudluğu prosesin daha sürətli icrasına mane olur”.

O qeyd edib ki, qazın dəqiq uçotu və istehlakın şəffaf qeydiyyatı məqsədilə rəqəmsal sistemlərin tətbiqi istiqamətində mühüm addımlar atılır: “Amma bu sahədə texnoloji infrastrukturun daha da gücləndirilməsinə ehtiyac qalır. Sayğaclara müdaxilə yolu ilə qazdan qanunsuz istifadə nəticəsində faydalanan tərəfi müəyyən etmək mümkün olsa da, təqsirin sübuta yetirilməsində yaranan obyektiv çətinliklər səbəbindən itki səviyyəsi artır. Qazlaşdırılmış tikinti obyektlərinə texniki xidmət sahəsində normativ baza artıq müəyyən olunub, lakin bu sahədə bazar iştirakçılarının formalaşması və xidmət keyfiyyətinin tənzimlənməsi prosesi davam edir”.

A.Məmmədov vurğulayıb ki, “Qaz təchizatı” haqqında qanun layihəsinin əsas məqsədi enerji təhlükəsizliyini təmin etmək, istehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətlər qurmaqdır: “Bu qanun çərçivəsində hasilat, nəql, paylanma və satış funksiyalarının hüquqi ayrılığı təmin edilir, tariflərin hesablanması üçün şəffaf mexanizmlər qurulur, mənzildaxili nasazlıqlar və texniki xidmət sahəsində müstəqil bazarın formalaşdırılması hədəflənir, həmçinin qanunun tətbiqi mərhələli şəkildə və konkret vaxt çərçivələri ilə tənzimlənir”.