Finss.az - Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı diqqətli və ehtiyatlı olmağa çağırıb.
Nazirlikdən verilən məlumata görə, mayın 31-də və iyunun 1-də daxil olan müraciətlər əsasında ayrı-ayrı şəxslərin bank hesablarından ümumilikdə 4 579 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.
DİN-in açıqlamasında bildirilir ki, zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartlarının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu və mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını təqdim ediblər. Bu məlumatların ələ keçirilməsi nəticəsində dələduzlar həmin vəsaitləri oğurlayıblar.
Daxili İşlər Nazirliyi vətəndaşlara tövsiyə edir ki, belə hallarda heç vaxt şəxsi bank məlumatlarını paylaşmasınlar, naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olsunlar və şübhəli hallarla qarşılaşdıqları zaman dərhal aidiyyatı bank və hüquq-mühafizə orqanlarına müraciət etsinlər.