Cəmiyyət

22 May

“Nəsimi” tankeri dənizə qayıtdı

Finss.az - “Azərbaycan Xəzər Dəniz Gəmiçi­liyi”nin  Qapalı Səhmdar Cəmiyyətinin  “Nəsimi” tankerinin tərsanə təmiri başa çatıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib. 

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, maşın şöbəsindəki mexanizmlər, gəminin baş göyərtəsi təmizlənərək rənglənib. Gəmi üzrə klapanların təmiri və ağac emalı, eləcə də gövdə-qaynaq, elektrik-quraşdırma işləri yerinə yetirilib.
Eyni zamanda, tankerdə rabitə və elektroradionaviqasiya avadanlıqları təmir edilib. Nasaz vəziyyətdə olan ehtiyyat hissələr yenisi ilə əvəz olunub. Müasir tip “Inmarsat-C” peyk rabitə terminalları, stasionar ultraqısa dalğalı radiostansiya, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar və vericilər, avtomatik identifikasiya sistemi, maqnit kompas, girokompas, exolot və sürət ölçən laq avadanlığı quraşdırılıb. Təmir işlərindən sonra gəmi yenidən istismara qaytarılıb.

Qeyd edək ki, uzunluğu 149,9 metr, eni isə 17,3 metr olan “Nəsimi” tankerinin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.