Cəmiyyət

05 May

İradə Əlilinin dahi liderə həsr etdiyi kitab dərc edilib

Yazıçı-publisist, prezident təqaüdçüsü, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin "Tarixlərdən boylanan ömür" adlı yeni kitabı işıq üzü görüb. Əsər dünya səviyyəli ictimai-siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub.

Finss.az xəbər verir ki, kitabda Heydər Əliyev haqqında yazılmış və söylənmiş fikirlər əsasən onunla eyni dövrdə yaşamış müxtəlif peşə sahiblərinin, eləcə də onun siyasi xəttindən faydalanmış gənclərin baxış bucağından təqdim olunur. Əsərdə ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi müxtəlif mərhələlərdə ölkə və xalq qarşısında göstərdiyi xidmətlər, dövlət quruculuğundakı rolu, həmçinin xarici ölkələrin tanınmış ictimai və siyasi xadimlərinin onun barəsində ifadə etdikləri fikirlər yer alıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, nəşrin redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, hərbi marşların müəllifi Minaxanım Əkrəmqızıdır. Korrektor Nuranə Şixəliyeva, dizayner isə Leyla Babazadədir.