Finss.az - Son dövrlərdə yeni tikilmiş çoxmənzilli binalarda mənzil alan vətəndaşlar çıxarışda (kupçada) göstərilən sahə ilə faktiki istifadə etdikləri sahə arasında ciddi fərqlərlə qarşılaşırlar.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, mənzillər ilkin mərhələdə alıcıya müqavilə əsasında təqdim edilir və həmin müqavilədə göstərilən ümumi sahə daha geniş olur. Lakin sonradan verilən çıxarışlarda bu sahə az göstərilə bilər. Ekspertin sözlərinə görə, fərq adətən 10-15 kvadratmetr təşkil edir, çünki çıxarış hazırlanarkən bəzi köməkçi sahələr, məsələn, divar qalınlığı, eyvan və digər texniki elementlər ümumi sahəyə daxil edilmir.
Hüquqşünas Hikmət Əliyev isə hüquqi aspektdən məsələyə yanaşaraq bildirib ki, belə hallarda vətəndaşların hüquqları pozulmuş sayılır və onlar məhkəməyə müraciət edə bilərlər. O, alıcılara müqavilədə göstərilən sahənin hansı elementləri əhatə etdiyini dəqiqləşdirməyi və çıxarış verilməzdən əvvəl texniki planla tanış olmağı tövsiyə edib.
Əmlak sahəsində mütəxəssislər isə bu kimi uyğunsuzluqların tikinti şirkətlərinin məsuliyyətsiz davranışı fonunda tez-tez baş verdiyini vurğulayaraq alıcılara daha diqqətli olmağı tövsiyə edirlər.
© milli.az