Finss.az - Bu gün, martın 20-si, Azərbaycan xalqı Novruz bayramını böyük təntənə ilə qeyd edir.
Vətən müharibəsindəki qələbə ilə suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycan xalqı, Novruzu bu il Qələbə sevinci ilə qeyd edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə suverenliyin bərpasından sonra bayramın təntənəsi ölkəmizin hər yerində özünü göstərir.
AZƏRTAC xəbər verir ki, bu il yaz fəsli martın 20-si saat 13:01-də başlayacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş Şimal yarımkürəsinə keçəcək.
Novruz bayramı, qədimdən bəri bir çox mədəniyyətlərdə qeyd olunur və müxtəlif adlarla tanınır. Azərbaycanda isə bu bayram milli-mənəvi varlığımızı dolğun şəkildə əks etdirən, türk mədəniyyətinin qorunub yaşadılmasında mühüm rol oynayan qədim el bayramıdır. UNESCO tərəfindən qeyri-maddi mədəni irs olaraq tanınan Novruz, dünya miqyasında 300 milyondan çox insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Bayramınız mübarək olsun!